Vergilər Nazirliyində ABŞ Ticarət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib

20.11.2015 01:14     Sosreaksiya     1370

Bu gün Vergilər Nazirliyində Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə ölkədə səfərdə olan ABŞ Ticarət Departamentinin və bu ölkəni təmsil edən şirkətlərin nümayəndələrinin ticarət missiyasının rəhbəri,  ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini cənab Maykl Lalli  ilə görüş keçirilib.  

Vergilər Nazirliyindən verilən xəbərə görə,  vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov qonaqları salamlayaraq, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat verib, Amerika-Azərbaycan Ticarət Palatası və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. Vurğulanıb  ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən  ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyləri nəzərə alınır.

Cənab Maykl Lalli  Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində texniki imkanların genişləndirilməsi, vergi sistemi və inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması ilə bağlı Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər