"İSESCO-nun Qarabağla bağlı mövqeyi həmişə aydın olub" - Nazir

23.11.2015 10:42     Sosreaksiya     1816

“İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında deyib. O, üzv dövlətlərin bu məsələdə vahid mövqedən çıxış etdikləri üçün onlara Azərbaycan dövləti adından təşəkkür edib.

2006-cı ildən etibarən İSESCO xətti ilə Azərbaycanda çoxlu sayda və yüksək səviyyədə tədbirlər keçirildiyini diqqətə çatdıran nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar da minnətdarlığını bildirib.

Ə. Qarayev qeyd edib ki, gələn ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu keçiriləcək. O, İSESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyini ümidvar olduğunu söyləyib.

Nazir 2017-ci ildə Bakıda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarının İslam ümmətinin gələcəyi, sağlamlığı naminə mühüm tədbir olacağını vurğulayıb.

Şərhlər