Tələbə qız qoca qadını öldürdü - Sumqayıtda

25.11.2015 10:03     Sosreaksiya     2106

Sumqayıtda 21 yaşlı tələbə qız kirayədə qaldığı evin sahibini öldürüb.

Reaksiya.az ANS PRESS-ə  istinadən xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan  verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon adlanan ərazisində qeydə alınıb. 1994-cü il təvvəllüdlü Səriyyə Ramazanova aralarında yaranan şəxsi mübahisə zəminində evində kirayə qaldığı 1940-cı il təvəllüdlü Səmayə Behbud qızı Nəcəfovaya çoxsaylı bıçaq zərbələri endirib. Endirilən zərbələrdən bəziləri qadının baş və boğaz nahiyəsindən dəyib və 75 yaşlı qadın çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.

Qətldən sonra tələbə polis əməkdaşlarına məlumat verib və evdə oturaraq hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlməsini gözləyib.

Qətli törədən Səriyyə Ramazanova tutularaq istintaqa cəlb edilib.

Hələlik qətli törədən şəxsin dindirməsi baş tutmayıb, çünki tələbənin psixoloji problemləri olduğu üçün o müstəntiqin suallarını cavablandıra bilmir.

Səriyyə Ramazanova Oğuz rayon sakinidir və Sumqayıt Dövlət Universitetinin 4-cü kurs mühəndislik fakültəsinin tələbəsidir.  

Şərhlər