Millət vəkili Qarabağ problemindən danışdı - Şanlıurfada

25.11.2015 12:16     Sosreaksiya     1737

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Şanlıurfa şəhərinə səfər edib.

Reaksiya.az xəbər verir ki, millət vəkili səfər zamanı bölgə valisi İzettin Küçüklə görüşüb.

Q.Paşayeva görüş zamanı qeyd edib ki, “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”.

Millət vəkili söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ  problemi və münaqişə ilə bağlı son vəziyyət haqda geniş danışıb:“Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib, o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail olacağıq”.

Qənirə Paşayeva Şanlıurfa valisi İzettin Küçüke həmmüəllifi olduğu Türkiyə türkcəsində "Xocalı Soyqrımı tanıqların dilindən", "Karabağ hikayeleri" adlı kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin və Türk dünyasının müxtəlif bölgələrində türk insanının, qardaş-bacılarımızın üzləşdiyi işğalların, qətliamların, sürgünlərin, zülmlərin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək bu mövzuları özündə əks etdirən konfrans təkil edəcəyini və gənclərin suallarını cavablandıracağını qeyed edib. O, gənclərimizi bu məsələlərdə daha aktiv olmağa səsləyib.

Şanlıurfa valisi İzettin Küçük də öz növbəsində görüşdən məmnunluğunu dilə gətirib: "Sizləri burada görməkdən məmnun oldum, bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”.  

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Şanlıurfanın da yer alacağını söyləyib və onu ölkəmizə dəvət edib. Şanlıufa valisi İzettin Küçük Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını vurğulayıb. 

Q.Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edərək Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

"Azərbaycanla Şanlıurfa arasında əlaqələrinin daha da güclənməsi çox mühümdür. Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Şanlıurfanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir”, - deyə millət vəkili əlavə edib. 

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədəki vəziyyətlə bağlı da geniş söhbət aparılıb.

Şərhlər