“Qərbin görünməyən üzü” mövzusunda tədbir keçirildi
26.11.2015 11:20 Sosreaksiya 1547
Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində alimlərin və QHT nümayəndələrinin iştirakı ilə “Qərbin görünməyən üzü” mövzusunda tədbir keçirilib.
Reaksiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan tarix elmləri doktoru Güllü Yoloğlu müasir dövrdə Azərbaycan cəmiyyətinin, xüsusən də gənc nəslin üzləşdiyi kənar mənfi təsirlərdən, milli-mənəvi dəyərlərə zidd meyillərdən və onlardan müdafiə olunmağın yollarından və bu sahədə ölkədə görülən işlərdən bəhs edib. Həmçinin, gənc araşdırmaçı Nuran Gündüzoğlunun mövzuya dair “Baal-Zevulun marionetləri” kitabı və “Avropanın görünməyən üzü: oğurlanan nəsil” filmi təqdim olunub. Təqdimatdan sonra çıxış edən tədbir iştirakçıları kitab və film barədə təəssüratlarını bölüşüb, mövzu ətrafında fikir mübadiləsi aparıblar. İştirakçıların təklifi əsasında ölkədə həyata keçirilən milli dəyərlərin qorunması, tolerantlıq və multikulturalizmin təbliği siyasətinə dəstək məqsədilə yeni ictimai birliyin yaradılması qərara alınıb.
Tədbir çərçivəsində tarix elmləri doktoru Güllü Yoloğlu “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib.
Sonda Nuran Gündüzoğlunun “Baal-Zevulun marionetləri”, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın “XIX əsr Qazax aşıqları” və Güllü Yoloğlunun “Rusiya yaşayacaqmı?” kitabları tədbir iştirakçılarına hədiyyə olunub.
Şərhlər