Azərbaycanda dini münaqişə yoxdur - Allahşükür Paşazadə
26.11.2015 16:44 Sosreaksiya 1888
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüilslam Allahşükür Paşazadə İranın Azərbaycanda səfərdə olan təhsil naziri Əliəsgər Fanini qəbul edib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, qonaqları salamlayan A.Paşazadə İranla Azərbaycan arasında bütün sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulayıb: "Hər iki ölkə tərəfindən mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində çox mühüm addımlar atılır".
Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini deyən A.Paşazadə vurğulayıb ki, təhsil bizim üçün müqəddəsdir.
A.Paşazadə bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bütün sahələr uğurla inkişaf edir.
QMİ sədri vurğulayıb ki, sovet dövründə Azərbaycanda yalnız 17 məscid olub, lakin müstəqillik qazandıqdan sonra məscidlərin sayı xeyli artıb: "Bu gün Azərbaycanda dini münaqişə yoxdur, ölkədə dinlər və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir".
A.Paşazadə bundan sonra da İran ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Səmimi qəbula görə təşəkkürün bildirən qonaq qeyd edib ki, İranla Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq qurulub: "Bu əməkdaşlığın qurulmasında din xadimlərinin də böyük rolu olub".
İranlı nazir bildirib ki, bu gün dünyada İslam dinini radikalizm kimi məsələlər təhdid edir və bu, İslamın əsl mahiyyətini, sülhsevər din olmasını təhlükə altında qoyur: "Bu gün İslam dünyasının vəhdətə ehtiyac var. Fikirayrılığı yaratmaq əvəzinə, birləşməyə daha böyük ehtiyac var".
Şərhlər