Bu ərazilərə ilk dəfə qaz verildi
27.11.2015 03:51 Sosreaksiya 1481
Bu gün Zaqatala, Şəmkir, Tərtər və Cəlilabad rayonlarının daha 13 kəndinə təbii qaz verilib.
Reaksiya.az məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zaqatala rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 276 abonentlik Aşağı Çardaxlar kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 17 239 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Noyabrın 26-sı cəlilabadlılar üçün də əlamətdar olub, rayonun 7 kəndinə ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, 963 abonenti olan Şiləvəngə, Babalı, Abazallı, Şabanlı, Qasımbəyli, Təklə və Abışabad kəndlərinin qazlaşdırılması zamanı 100 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.
Həmin gün Şəmkir rayonunun Dağ Cəyir kəndi ilk dəfə qazlaşdırılmış, Bayramlı kəndinə təbii qazın verilişi isə bərpa edilib. Bununla əlaqədar keçirilmiş tədbirlərdə qeyd olunub ki, ümumilikdə 831 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 85 kilometrdən artıq polietilen və metal boru xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tərtər rayonunun Cəmilli, Borsunlu və Bayandurlu kəndləri isə uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Ümumilikdə 711 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə 55 100 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 711 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Şərhlər