Polisdə işləmək istəyənlərin nəzərinə
28.11.2015 15:16 Sosreaksiya 1871
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində bu şəhərin və Abşeron, Qobustan, Qubadlı, Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.
Reaksiya.az Oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbul başa çatdıqdan sonra - saat 12:00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayon polis orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt Şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.
Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda qeyd olunan şəhər və rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.
Şərhlər