Qənirə Paşayevanın müəllifi olduğu kitabların təqdimatı keçirildi - Türkiyədə
28.11.2015 16:59 Sosreaksiya 2122
Türkiyənin Kahramanmaraş bölgəsində 2-ci Uluslararası Kitab Fuarında millət vəkili Qənirə Paşayevanın kitablarının imza mərasimi keçirilib.
Reaksiya.az xəbər verir ki, millət vəkili və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedr” və “Aşk Başka” kitablarının təqdimatı və imzalanma mərasimi olub.
Yüzlərlə insan, xüsusilə gənclərin qatıldığı tədbirdə Kahramanmaraşın və Türkiyənin bir sıra ziyalıları, rəsmiləri, yazarları, jurnalistləri imza mərasimində iştirak edib. Q.Paşayeva xüsusilə gənclərə “Karabağ hikayeleri”ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib.
Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q.Paşayeva və İ.Avşar “Karabağ hikayeleri” kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.
Millət vəkili Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva və digər ədiblərin Qarabağ mövzusunda hekayələri yer alıb. Bu əsərlər 20-ci əsrdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Türkiyənin “Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.
Millət vəkili gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmnunluq hissi keçirir.
Q.Paşayeva “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavab olaraq açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci dəfə nəşr olunması mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib.
O, həmçinin Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.
Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarna veriləcəyini qeyd edib.
Şərhlər