Teymur Məmmədov: “Qələbəni dünyaya gələcək oğluma həsr edirəm” - VİDEO

26.06.2015 00:25     Sport reaksiya     2400

“Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də o medalı mənə cənab prezidentimiz təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt sayıram”. Bu sözləri APA TV-yə açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı, boksçumuz Teymur Məmmədov deyib.

81 kq çəki dərəcəsində finalda da qələbə sevinci yaşayan idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Avropa Oyunlarındakı uğurunu şərh edən Məmmədov final döyüşünün ağır keçmədiyi qeyd edib: “Döyüş o qədər ağır keçmədi. Mən hamıdan güclü idim”.

Gələcək planları barədə danışan idmançı bildirib ki, məşqlərə davam edəcək: “Mən dayanmayacağam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.

Teymur Məmmədov qalibiyyətini oğluna həsr etdiyini vurğulayıb: “İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”.

 

Şərhlər