Bakı-2015: Səlimovla Bağırov finalda, Alekseyevna "bürünc"lə kifayətləndi

26.06.2015 14:10     Sport reaksiya     2041

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər olacaq. Apasport.az saytının məlumatına görə, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək.

 

10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın bu gün daha 7 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşündə qüvvəsini sınayacaq.

 

 

Kişilər

52 kq

Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək. Final qarşılaşması saat 18:45-ə təsadüf edəcək.

 

60 kq

Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib. Bundan öncə 2 rəqibini mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşündə də qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və  finalda iştirak hüququ qazanıb.

 

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq. Final döyüşü sabah saat 18:15-də start götürəcək.

 

64 kq

Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19:15-də baş tutacaq.

 

69 kq

Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib.

 

Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 19:15-də olacaq.

 

75 kq

Millimizin aparıcı üzvlərindən Xaybula Musalov saat 14:15-də yarımfinal görüşünə çıxacaq. Boksçumuz Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

91 kq

Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanmağa çalışacaq. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşəcək. Qarşılaşma saat 14:30-da olacaq.

 

Qadınlar

60 kq

Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.

 

Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.

Şərhlər