Bürünc medal qazanan boksçumuz döyüşlərə yaylıqla çıxmasının sirrini açıqladı

26.06.2015 14:16     Sport reaksiya     2144

 

“Bugünkü döyüşüm çox çətin keçdi. Hər birimizin öz taktikası var idi”. Bunu apasport.az saytına boks üzrə Azərbaycan yığmasının üzvü Yana Alekseyevna deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Keti Teylora (İrlandiya) məğlub olaraq, bürünc medalla kifayətlənib.

 

Yana Olimpiya çempionuna məğlubiyyəti belə izah edib: “Atam məşqlər zamanı nə tapşırıqlar verdisə, hamısını yerinə yetirdim. Bu dəfə daha inamlı çıxış etdim. Məğlub olsam da, burda iştirak etməklə böyük şans qazandım və Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına yollar açıldı”.

 

Döyüşlərə başında yaylıqla çıxan Alekseyevna bunun sirrini də açıqlayıb: “Hər bir xanım idmançı döyüşə talismanla çıxır. Döyüşə çıxdığım yaylıq mənə anam tərəfindən xeyir-dua olunaraq hədiyyə edilib. Bu yaylıqda sanki bir uğur var. Ona görə də rinqə yaylıqsız çıxmıram”.

 

Boksçumuz hədəfinin Olimpiya Oyunları olduğunu vurğulayıb: “Bundan sonrakı planlarım belədi ki, ilk növbədə istirahət edəcəm. Sonra isə məşqlərimi davam etdirəcəm. Məqsədim odu ki, Braziliyada keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın bayrağını qaldırım. Azərbaycan mənim üçün çox şey edib”.

 

Şərhlər