Zəkiyevlə Abdullayeva finalda, Mislimov "bürünc"ün bir addımlığında

26.06.2015 17:00     Sport reaksiya     2043

Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulacaqlar. Apasport.az saytının məlumatına görə, 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.

 

Həmyerlilərimizdən İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva yığmamızın medal sayını artırmağa çalışacaq.

 

Paracüdo

 

Kişilər

+90 kq

Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla  güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal üçün Aleksandr Pominovla mübarizə aparacaq. Döyüş saat 19:30-da olacaq.

 

*****

 

Bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gəlib. 1/4 finala təsadüf edən qarşılaşma rəqibin xeyrinə yekunlaşıb. Buna baxmayaraq, Mislimov təsəlliverici görüşə qatılıb. "Neftçi İdman Klubu"nun üzvü "bürünc"ə gedən yolda Julyen Taurineslə (Fransa) qarşılaşıb və ipponla qalib gəlib. O, 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkəcək. Görüş 19:20-də başlayacaq.

 

Qadınlar

57 kq

Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib. "Neftçi İdman Klubu"un paracüdoçusu ikinci döyüşündə Nataliya Nikolayçiklə üz-üzə gəlib. Bu dəfə yuko və vaza-ari xalları ilə rəqibini üstələyən təmsilçimiz finalda da ukraynalı idmançı ilə qarşılaşacaq. 

 

Abdullayeva çempionluq üçün inna Çernyakla döyüşəcək. Qarşılaşma saat 19:10-da başlayacaq.

Şərhlər

Çox oxunanlar