Bakı-2015: Boks yığmamızdan 3-cü qızıl medal
26.06.2015 20:18 Sport reaksiya 2033
Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər baş tutub. Apasport.az saytının məlumatına görə, kişi boksçular 7, qadınlar 3 çəkidə mübarizəni davam etdiriblər.
10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçirilib. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın üzvləri bu gün daha 2 dəfə çempionluq sevinci yaşayıb. Elvin Məmişzadə və Lorenzo Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin, yarımfinalda iştirak edən 5 boksçumuzdan 4-ü həlledici görüşə vəsiqə qazanıb.
Kişilər
52 kq
Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb. 23 yaşlı idmançı finalda özündən 8 yaş böyük italiyalı Vinçenzo Pikkardidən güclü olub. Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı çox çalışsa da, Məmişzadənin zərbələri qarşısında tab gətirə bilməyib. Rəqibini 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan millisinin 16-cı “qızıl”ı, ümumilikdə 48-ci medalı olub.
60 kq
Təcrübəli Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib. Bundan öncə 2 rəqibini mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşündə də qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və finalda iştirak hüququ qazanıb.
Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq. Final döyüşü sabah saat 18:15-də start götürəcək.
64 kq
Finala qədər döyüşdüyü 4 rəqibini böyük hesabla üstələyən Lorenzo Sotomayor həlledici görüşdə də ümidləri doğruldub. London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayan Kuba əsilli boksçumuz inamlı qələbə sayəsində qızıl medala layiq görülüb. O, final qarşılaşmasını 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə xeyrinə bitirib.
Bu, boks komandamızın 3-cü, yığmamızın isə 17-ci qızıl medalı olub.
69 kq
Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib.
Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 18:45-də olacaq.
75 kq
Millimizin aparıcı üzvlərindən Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Boksçumuzun üstünlüyü şəraitində keçən qarşılama növbəti qələbəmizlə başa çatıb. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib.
O, iyunun 27-də saat 19:15-ə təsadüf edəcək həlledici görüşdə Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.
91 kq
Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də finala vəsiqə qazanıb. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovi mübarizədən kənarlaşdırıb. Təmsilçimiz rəqibini 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə məğlub edib.
O, həlledici görüşdə ukraynalı Qevorq Manukyanla döyüşəcək. Erməni əsilli idmançı ilə görüş sabah saat 19:45-də başlayacaq.
Qadınlar
60 kq
Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.
Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.
Şərhlər