Messi 5-ci dəfə “Qızıl Top”un sahibi oldu
12.01.2016 09:13 Sport reaksiya 2778
Dünən FİFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Sürix şəhərində “Kongresshaus”da keçirilən “FİFA Qızıl Top 2015” mərasimində dünyanın ən yaxşı futbolçusunun adı müəyyənləşib.
"Reaksiya" AzərTac-a istinadən xəbər verir ki, Mükafata “Qızıl Top”un dördqat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər futbolçusu Neymar və üç dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo namizəd olublar. Səsvermənin nəticələrinə əsasən, 2015-ci ilin ən yaxşı futbolçusu adına Lionel Messi layiq görülüb. Argentinalı bu mükafata beşinci dəfə sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb. Qadın futbolçular arasında isə “Qızıl Top”un sahibi ABŞ yığmasının yarımmüdafiəçisi Carli Lloyd olub.
“Ən yaxşı məşqçi” nominasiyasında seçim Xosep Qvardiola (İspaniya), Luis Enrike (İspaniya) və Xorxe Sampaoli (Argentina) arasında aparılıb. Barcelona-nın çalışdırıcısı Luis Enrike dünyanın ən yaxşı kişi baş məşqçisi, ABŞ-ın qadın yığmasına rəhbərlik edən Jill Ellis isə dünyanın ən yaxşı qadın məşqçisi seçilib. Bundan əlavə, Braziliya yığmasının hücumçusu Vendell Liranın qolu 2015-ci ilin ən yaxşı qolu seçilib və “Puşkaş” mükafatına layiq görülüb.
Səsvermədə FİFA-ya üzv olan 207 ölkənin yığma komandaların baş məşqçiləri, kapitanları, eləcə də jurnalistlər iştirak ediblər. Respondentler birinci yer üçün 5, ikinci yer üçün 3 və üçüncü yer üçün 1 xal verirlər və yekunda ən çox xal toplamış namizəd həmin nominasiya üzrə qalib elan olunur.
Şərhlər