Azərbaycan karateçiləri “Paris Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar

25.01.2016 13:40     Sport reaksiya     1123

Azərbaycan karateçiləri nüfuzlu “Paris Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar.
 
Reaksiya AZƏRTAC-a istinadən xəbər verir ki, kişilərin yarışında Şahin Atamov (84 kiloqramdan yuxarı) və birinci Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyev (60 kq) gümüş medallarla kifayətlənməli olublar. Azərbaycan bu nəticə ilə mükafatlara sahib olan 18 ölkə arasında 10-cu pillədə yer alıb. Dünya Karate Federasiyasının “Kiçik dünya çempionatı” adlandırılan bu mötəbər turnirində 75 ölkədən mindən çox idmançı iştirak edib.
 
İlin ilk rəsmi yarışının sonuncu günündə tatami üzərinə çıxan üç karateçimiz - Fəridə Abiyeva (61 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq) medalçılar sırasına düşə bilməyiblər. Ş.Atamov və F.Fərzəliyev isə gümüş medalla kifayətlənməli olublar. Nuranə Əliyeva (50 kq) və Ayxan Mamayevin (84 kq) bürünc medala sahib olmaq şansları yaransa da, onlar təsəlliverici görüşlərdən məğlubiyyətlə ayrılıblar.
 
On üç idmançı ilə Parisə yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident Rəhman Hətəmov rəhbərlik edib. Baş məşqçinin köməkçisi Rəşad Hüseynovdan başqa, beynəlxalq hakimlər Cahangir Babayev və Yusif Məmmədov da yarışların idarə olunmasında iştirak ediblər.
 
Karateçilərimiz yanvarın 26-da Bakıya qayıdacaqlar.

Şərhlər