Avropa Oyunlarından toplanılan vəsaitin miqdarı açıqlandı

29.06.2015 17:25     Sport reaksiya     2219

"Birinci Avropa Oyunlarının gəlirləri üç istiqamətdə ola bilər. Bu, biletlərin satışı, sponsor vəsaiti və yayım hüquqlarının satışı ilə bağlıdır. Hazırda bu üç istiqamət üzrə təxminən 15-17 milyon manat civarında vəsait toplanıb".

Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunlarının yekunlarına dair keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Avropa Oyunları zamanı 1000 saatdan çox yayım oldu.

Onun sözlərinə görə, birinci Avropa Oyunlarının açılış və bağlanış mərasiminə büdcədə 100 milyon manat vəsait nəzərdə tutulmuşdu: "Bu iş bir neçə mərhələdən formalaşır. Sonuncu mərhələ Bakıya gələn xüsusi sistemlər, qaldırıcı qurğular, xüsusi kostyumlarla bağlıdır. Bütün bunların hesablanması həftənin sonuna qədər yekunlaşacaq və mən düşünürəm ki, 100 milyondan aşağı bir rəqəm formalaşacaq. Ümumilikdə Avropa Oyunlarının büdcəsi 960 milyon manat idi. Bu büdcə müxtəlif istiqamətlərə xərclənib, o cümlədən açılış və bağlanış mərasimlərinə, mütəxəsislərin maaşı, texnologiya və digər sistemlərə, müvəqqəti qurğuların tikilməsi və s. Həmin büdcədən bir manat da kənara çıxmamışıq. Manatın devalvasiyası nəticəsində 134 milyon manat artıq xərc yaranmışdı, amma biz dövlətdən bu 134 milyon manatı istəmədik. Avropa Oyunlarının büdcəsində qənaət edib o məbləğdən kənara çıxmadıq".

Şərhlər