"Qarabağ" ölkə çempionatında liderlik mövqeyini gücləndirib - VİDEO
05.03.2016 21:37 Sport reaksiya 1252
Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
İlk olaraq "Xəzər Lənkəran" və AZAL komandaları qarşılaşıb. Lənkəran şəhər stadionunda keçirilmiş oyunda "təyyarəçilər" qələbə qazanıb. AZAL-ın yeganə qolunu matçın 36-cı dəqiqəsində Aleksandr Quruli penaldan vurub. Qələbə sayəsində AZAL xal ehtiyatını 32-yə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Aktivində 14 xal olan "Xəzər Lənkəran" isə 9-cudur.
Növbəti oyunda "Neftçi" doğma azarkeşlər önündə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. "Bakcell Arena"ya toplaşmış azarkeşlər 26-cı dəqiqədə Anyetenin ifasında qol görüblər. İlk hissə "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb.
İkinci hissəyə daha aktiv başlayan "Qəbələ" 51-ci dəqiqədə istəyinə çatıb. Rafael Santos Aqil Məmmədovu məyus etməyi bacarıb. Oyunda son nöqtəni isə Rəşad Eyyubov qoyub. Qonaqların futbolçusu 90-cı dəqiqədə komandasına qələbə qazandıran topu vurub. Digərlərindən fərqli olaraq bu görüş "Neftçi"nin futbolçusu Jayro Rodrigesin qırmızı vərəqə alması və baş məşqçi Əsgər Abdullayevin istefa verməsi ilə yadda qalıb.
Səfər qələbəsi "Qəbələ"nin 41 xalla turnir cədvəlinin 3-cü pilləsində möhkəmlənməsinə səbəb olub. "Neftçi" isə xalsız ayrıldığı oyundan sonra 7-ci pilləyə düşüb - 31 xal.
Günün daha bir qarşılaşması Sumqayıtda keçirilib. Sumqayıtın eyniadlı komandası "İnter"i qəbul edib. Turun ilk qarşılaşmasında olduğu kimi azarkeşlər bir qola şahidlik ediblər. Yalnız Nizami Hacıyev oyunun 47-ci dəqiqəsində "İnter"ə 3 xal qazandıran topu vurub. Bu oyundan sonra "İnter" 38 xalla 4-cü pillədə qərarlaşıb. "Sumqayıt" isə 22 xalla 8-ci pillədədir.
Turun mərkəzi görüşü isə "Azərsun Arena"da baş tutub. Turnir cədvəlinin vahid lideri "Qarabağ" ikinci yerdə qərarlaşan "Zirə"ni sınağa çəkib. Cari mövsümdə Premyer Liqada 14 qələbə qazanan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda öz gücünü "Zirə"yə nümayiş etdirib. Oyunun 2-ci dəqiqəsində Muarem Muarem azarkeşləri sevindirib - 1:0. İlk 45 dəqiqə bu hesabla da yekunlaşıb. Ağdam klubu matçın artırma dəqiqələrində üstünlüyünü iki topa çatdırıb. Mahir Mədətov 90 +3-cü dəqiqədə oyunda son nöqtəni qoyub və "Qarabağ" ən yaxın izləyicisi "Zirə"ni məğlub edərək liderlik mövqeyini möhkəmləndirib. Komandanın aktivində 51 xal var. "Zirə" isə 24 oyundan sonra 44 xalla turnir cədvəlinin ilkinci pilləsində qərarlaşıb.
Turun son oyunu martın 6-da keçiriləcək. "Bayıl Arena"da baş tutacaq görüşdə "Rəvan" və "Kəpəz" komandaları üz-üzə gələcək. Oyunun start fiti saat 16:00-da səslənəcək.
Şərhlər