Messi Ronaldo davası ölümlə bitdi
07.03.2016 20:08 Sport reaksiya 1616
Ad gününü qeyd edən dostlar arasında "ən yaxşı kimdir?" davası düşüb.
Dünyanın iki böyük futbol ulduzu Messi və Kriştiano Ronaldo arasındakı rəqabət onlardan hansının ən yaxşı olduğu barədə mübahisələrin də hər gün artmasına səbəb olur. İş o yerə çatıb ki, Messi və Ronaldo bəhsinin ilk qurbanı da qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Hindistanda iki kişi arasında çıxan Messi-Ronaldo qarşıdurması qanlı bitib. Hindistan polis rəisi Kiran Kabadi açıqlamasında deyib ki, Nigeriya əsilli iki gənc futbolçular üstündə dava edib. Onların "kim güclüdür?" davası ad günü mərasimlərindən birində başlayıb.
34 yaşını qeyd edən Obinna adlı kişi Ronaldonun heyranı olub. Onun yaxın dostu Nvabu isə Messi azarkeşi olub.
Mübahisə qısa zamanda davaya çevrilib. Obinna Nvabuya stəkan atıb. Stəkan sınığını alan Nvabu yaxın dostuna hücum edib və ona kəsik xəsarətləri yetirib. Daha sonra isə hadisə yerindən qaçıb.
Qonşuların şikayətindən sonra hadisə yerinə gələn polis onu çox uzaqlaşmağa qoymayıb. Lakin ad günü olan kişi bütün tədbirlərə baxmayaraq həyatını itirib.
Argentinalı ulduz Lionel Messi hazırda "Barselona" klubunda oynayır. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. O, futbol dünyasının ən yaxşı oyunçularından hesab edilir. Messi 5 dəfə "Qızıl top" mükafatını qazanıb.
Onun ən böyük rəqibi hesab edilən Ronaldo isə "Real madrid"də top qovur. Onun "Qızıl top"larının sayı 3-dür.
Şərhlər