Ukraynalı baş məşqçi oyundan sonra futboldan yox, cəbhədə baş verənlərdən danışıb
04.04.2016 00:35 Sport reaksiya 1087
"Azərbaycan xalqına başsağlığı verirəm. Xalqınızın dərdinə şərik çıxıram və bütün şəhidlərinizə Allahdan rəhmət diləyirəm".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis Dağlıq Qarabağda baş verənlərdən təəssüf hissi keçirdiyini vurğulayıb. O, insan həyatının futboldan da önəmli olduğunu vurğulayıb. Qriqorçukun bu sözlərindən sonra jurnalistlər ona jest olaraq, "Hazırkı məqamda bu fikirləriniz futboldan daha önəmlidir. Bəlkə oyun barədə danışmayasınız" təklifini veriblər. Baş məşqçi isə təkliflə razılaşıb.
Əvəzində, onun "İnter"dəki həmkarı Zaur Svanadze cəbhə xəttində baş verənlərdən xəbərdar olduğunu və buna yalnız təəssüfləndiyini bildirib. O, hətta Azərbaycan xalqına başsağlığı da verməyib: "Mən siyasətçi deyiləm. İstərdim ki, hər iki tərəfdə sakitlik olsun".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqası komandalarından yalnız 2-də əcnəbi baş məşqçi var ki, bunlar da Roman Qriqorçukla Zaur Svanadzedir.
Şərhlər