“Ukraynada qalsaydım, Mariya Stadnik kimi idmançı olmayacaqdı” - MÜSAHİBƏ

08.07.2015 13:46     Sport reaksiya     2158

I Avropa Oyunlarının qızıl medalçısı, qitə və dünya çempionu, Olimpiadanın mükafatçısı olan Azərbaycan millisinin güləşçisi Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 48 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan milliləşdirilmiş legioner müsahibəsində maraqlı məqamlara toxunub.

 

- Bakıda keçirilən Avropa Oyunlarının təşkilatçılığı barədə hansı fikirdəsiz?

- Təşkilatçılıq yüksək səviyyədə idi. Yarışda inanılmaz atmosfer var idi. Ümumi mənada, hər şey Olimpiya Oyunlarındakı kimi idi. Yeganə fərq onda idi ki, Avropa Oyunlarında Olimpiadadan az idmançı çıxış edirdi. İdmançılar və onların məşqçiləri üçün Atletlər Kəndi yaradılmışdı. Güləş yarışlarının keçirildiyi zal isə Olimpiadadakı zallardan da əla idi. Azərbaycanlı azarkeşlər öz idmançılarına yaxşı dəstək olurdular.

 

- Öz çıxışınızdan tam razı qaldınızmı?

- Bəli, şikayət edə bilmərəm. İstəyimə çatdım.

 

- Yarış zamanı Ukrayna yığmasındakı həmkarlarınızla söhbət edirdizmi?

- Əlbəttə. Biz Atletlər Kəndində yaşadığımızdan, tez-tez idmançılarla görüşürdük. Ukrayna yığmasında çoxlu rəfiqəm çıxış edir. Avropa Oyunlarında gümüş medal qazanan Tanya Lavrençuk, həmçinin Tatyana Kot, Liliya Qorişna rəfiqələrimdi. Lvovda olanda həmişə eyni zalda məşq edirik. Buna görə də, dostluq münasibətimizi həmişə saxlayırıq.

 

- Ukraynalı idmançı ilə güləşəndə fərqli hisslər keçirirsizmi?

- Xüsusi hisslər keçirmirəm. Dəfələrlə olub ki, həyat yoldaşımın bacısı ilə güləşməli olmuşam. Hazırda İngiltərə yığmasında çıxış edən Yana Stadniki nəzərdə tuturam. Xalçaya çıxanda rəqib barədə yox, ancaq qələbə haqda düşünürsən.

 

- Baldızınızla güləşdikdən sonra evdə aranızda mübahisə yaranmır ki?

- (Gülür). Xeyr, heç vaxt mübahisəmiz olmayıb. Bizim normal, dost münasibətimiz var. Xalça xalçadı, güləşmək bizim işimizdi. Bu mənada, aramızda heç bir inciklik ola bilməz.

 

- Azərbaycan yığmasında çıxış etdiyiniz üçün heç təəssüflənmisizmi?

- Nə baş verirsə, yaxşılığa doğru olur. Qərarıma görə peşman deyiləm. Təbii ki, öz vətənimə lazımlı olmamağım əvvəl mənə pis gəlirdi. Amma vaxt keçdikcə alışdım. Sonra məndə belə bir düşüncə yarandı ki, bəlkə də, belə olmağı yaxşıdı. Azərbaycanda mən nəticələrə imza atmışam. Ukrayna yığmasında qalsaydım, yəqin ki, Mariya Stadnik kimi idmançı olmayacaqdı.

 

- Ukraynada qalsaydız, uğur qazanmağınıza nə mane ola bilərdi?

- Ukraynada həmin vaxt təcrübəli güləşçilərə üstünlük verilirdi. Mənə deyirdilər ki, gözlə, hələ cavansan, sənin vaxtın gələcək. Əgər gözləsəydim, idmanı çoxdan atmış olacaqdım.

 

- Ukrayna millisində rəqabət apardığınız əsas rəqib İrina Merleni idi?

- Bəli. O, London Olimpiadasından sonra karyerasını bitirdi.

 

- Azərbaycanda nə qədər vaxt keçirirsiz?

- İki uşaq anası olduğum üçün, mənə güzəşt edirlər. Məşqçilər mənə imkan verirlər ki, vaxtımın çoxunu evimdə keçirim.

 

- Belə çıxır ki, siz ancaq yarışlara qatılanda Azərbaycana gedirsiz?

- Belə deməzdim. Elə olur ki, təlim-məşq toplanışlarını Azərbaycanda keçirirəm. Ancaq çalışıram ki, daha çox Ukraynada, övladlarımın yanında olum. Tez-tez Azərbaycan yığmasının düşərgəsində oluram. Biz müxtəlif ölkələrdə - Bolqarıstan, Belarus və Ukraynada hazırlıqlar keçiririk.

 

- Azərbaycanda ancaq Bakıda olmusuz, yoxsa digər şəhərləri də gəzə bilmisiz?

- Müxtəlif şəhərlərdə olmuşam. Ancaq uzunmüddətli yox, sadəcə həmin şəhərlərdən keçmişəm.

 

- Avropa Oyunlarında güləş yarışlarında Olimpiada üçün lisenziya verilirdi?

- Xeyr. Lisenziya sentyabrda Las-Veqasda keçiriləcək dünya çempionatında veriləcək.

 

- Karyeranız ərzində ABŞ-da heç çıxış etmisizmi? Orda güləş məşhur idman növüdü?

- ABŞ-da heç vaxt güləşməmişəm. Amma bilirəm ki, bizim idman növü orda da çox məşhurdu. Hətta məktəblərdə də güləş dərsləri keçirilir.

Şərhlər