"Qəbələ" rəhbərliyi "Dinamo" ilə oyunda baş verənləri pisləyib

10.07.2015 17:12     Sport reaksiya     2053

"Qəbələ" klubu Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda baş vermiş olaylara münasibət bildirib. Reaksiya.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfov "Report"a açıqlamasında azarkeşlərin siyasi pankartlar nümayiş etdirməsi və Gürcüstan bayrağını yandırmasını pislədiklərini söyləyib.
 
F.Nəcəfovun fikrincə, həm Tbilisidəki ilk görüşdə, həm də ötən gün cavab qarşılaşmasında yaşananlar təxribat xarakterlidir: "Dövlət bayrağına hörmət etmək lazımdır. Klub adından və şəxsən öz adımdan bildirirəm ki, həm Tbilisi, həm də Qəbələ şəhər stadionunda baş verənlər xoşagələn deyil və təxribatdır".
 
Bununla yanaşı, "Qəbələ" rəsmisi təxribata uymadan komandaya dəstək olan azarkeş qruplarına minnətdarlığını bildirib: "Dünənki oyunda "Xəzər Lənkəran", "Qarabağ", "Neftçi" klublarının azarkeşləri, "Forza Neftçi" və "Sektor 11" azarkeş qruplarının üzvləri də iştirak edirdilər. Onlar təxribata uymadılar və komandamızı ürəkdən dəstəklədilər. Digər klublardan dəstək verilmə halları digər ölkələrdə nadir hallarda olur. Komandamıza dəstək olan bütün azarkeşlərə və fan-klublara minnətdaram".
 
Qeyd edək ki, iyulun 9-da iki klub arasında Qəbələdə keçirilən cavab oyununun ilk hissəsinin sonlarına yaxın stadionda bir qrup azarkeş gürcülərin Tbilisidə Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq ingilis dilində "Borçalı - Azərbaycandır!", "Marneuli yox, Sarvan" və "Qardabani yox, Qaratəpə" yazılmış pankartlar açıblar. Qısa müddətdən sonra həmin pankartlar polis əməkdaşları tərəfindən yığışdırılıb.

Şərhlər