Dünya Kubokunun qalibləri məlum oldu
18.09.2016 21:54 Sport reaksiya 1176
Sentyabrın 18-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına start verilib.
APA-nın xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir.
Yarışların ilk günü stend və güllə atıcılığının 5 növü üzrə, yəni oğlanlar və qızlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma, oğlanlar arasında tapançadan 25 metr məsafəyə atəş açma və qızlar arasında dairəvi stend, oğlanlar arasında qoşa səngər atıcılığı üzrə yarışların qalibləri məlum olub. Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında Hindistan idmançısı Subhankar Pramanik birinci, Çexiya təmsilçisi Filip Nepeşal ikinci, Rumıniya atıcısı Draqomi İordake üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Hindistan komandaları müvafiq olaraq I-II yerləri tutublar. Qızlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında Qazaxıstan idmançısı Violetta Starostina birinci, Rusiya təmsilçisi Anastasiya Qalaşina ikinci, Norveç təmsilçisi Jenni Stene üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Rusiya və Hindistan komandaları müvafiq olaraq I-III yerləri tutublar.
Oğlanlar arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Hindisan idmançısı Sambhaji Zanzan birinci, Avstriya atıcıları Sergey Evqlevski ikinci və James Tomas Asmore üçüncü yerə çıxıb. Dairəvi stend atıcılığı yarışlarında Rusiya idmançısı Alina Fazlyanova birinci, Çin atıcısı Anni Zhao ikinci, Türkiyə təmsilçisi İzel Aydın üçüncü yerə çıxıb. Bu yarışda ümumi hesabda Türkiyə, Çin və Rusiya komandaları müvafiq olaraq I-III yerə çıxıblar. Oğlanlar arasında qoşa səngər stend yarışlarında Çin idmançısı Yinq Qi birinci, Rusiya atıcısı Aleksandr Filippov ikinci, Çin idmançısı Run Su üçüncü yerə çıxıb. Bu yarışda ümumi hesabda Çin, Rusiya və Hindistan komandaları müvafiq olaraq I-III yerləri tutub. Medalların ümumi sayına görə hazırda Hindistan komandası 7 medalla birinci, Çin idmançıları 5 medalla ikinci, Norveç təmsilçiləri 3 medalla üçüncü yerdədirlər.
Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. İdmançılara qızıl, gümüş və bürünc medalları Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim edib.
Yarışlar sentyabrın 23-də başa çatacaq.
Şərhlər