Çempionlar Liqası: "Qarabağ" "Rudar"ın qonağı olacaq

22.07.2015 15:50     Sport reaksiya     1357

Futbol üzrə Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Reaksiya.az xəbər verir ki, bu gün cavab görüşləri çərçivəsində "Qarabağ" klubu Monteneqronun "Rudar" komandası ilə qarşılaşacaq.

"Rudar"ın baş məşqçisi Mirko Mariç “Qarabağ"la cavab oyunöncəsi keçiriləcək mətbuat konfransında belə deyib: “Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. "Qarabağ" kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, "Qarabağ" yenə cütün favoritidir".

Təcrübəli mütəxəssis komandasının ilk oyundan sonra eyforiyaya qapılmamalı olduğunu bildirib: "İlk oyunda hesab açılmadığından bu görüşdə qol vurmalıyıq. "Qarabağ"ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq. Azərbaycan çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq yeganə komanda "Qarabağ"dır. Bununla belə, biz də eyforiyaya qapılmamalıyıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmamışdı.

Şərhlər