Avropa Liqası: “Qəbələ” və “İnter” mərhələ adladı

24.07.2015 00:08     Sport reaksiya     1443

İyulun 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın iki klubu - “Qəbələ” və “İnter” növbəti mərhələyə adlayıblar.

Reaksiya.az xəbər verir ki, Qəbələnin eyniadlı komandası Bakıda Serbiyanın “Çukariçki” kollektivini qəbul edib.

“Bakcell Arena”da keçirilən oyunun ilk hissəsində “Qəbələ” hesabda irəli çıxıb - 1:0. Azərbaycan təmsilçisinin heyətində 39-cu dəqiqədə Sergey Zenev fərqlənib. 53-cü dəqiqədə də S.Zenev rəqib qapısından ikinci qolu keçirərək dubla imza atıb. Və nəticədə hesab dəyişməyib və “Qəbələ” klubu 2:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, komandalar arasında Belqradda təşkil olunan ilk oyunda “Qəbələ” komandası 0:1 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, iki oyunun nəticəsinə görə qalib çıxan “Qəbələ” klubu üçüncü təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi “Apollon” (Kipr) klubu olacaq.

Bakının “İnter” komandası da ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib və “Şəfa” stadionunda İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib.

Qarşılaşmanın ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. İkinci hissənin ilk dəqiqəsində İslandiya təmsilçisi hesabı bərabərləşdirib. “Hafnarfyordur” komandasının heyətində Torarinn Valdimarsson fərqlənib - 1:1. Görüşün 52-ci dəqiqəsində Kristan-Floki Finnboqasson ikinci topu “İnter”in qapısından keçirib. İki dəqiqə sonra qolun müəllifi ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb və İslandiya komandası azlıqda qalıb. Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Haynarfyordur”un xeyrinə başa çatıb.

Komandalar arasında İslandiyada təşkil olunan ilk oyunda “İnter” eyni hesabla qalib gəlmişdi. Cütün qalibinin müəyyənləşməsi üçün iki on beş dəqiqədən ibarət əlavə hissə oynanılıb. Əlavə vaxtın ilk dəqiqəsində “İnter”in hücumçusu Rauf Əliyev hesabı bərabərləşdirib.

Beləliklə, “İnter” – “Haynarfyordur” oyunu 2:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn “İnter” tarixində ilk dəfə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə Bakı təmsilçisinin rəqibi İspaniyanın “Atletik” (Bilbao) komandası olacaq.

Şərhlər