Azərbaycan millisinin rəqibləri məlum oldu - FOTOLAR

25.07.2015 22:10     Sport reaksiya     2745

İyulun 25-də Sankt-Peterburqdakı Konstantinovski sarayında 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Reaksiya.az xəbər verir ki, püşkatma mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, FİFA prezidenti Yozef Blatter, idman mütəxəssisləri, futbolçular iştirak ediblər.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov da mərasimə qatılıblar.

Püşkatmaya görə millimiz dünya çempionatının seçmə mərhələsində “C” qrupunda mübarizə aparacaq. Azərbaycan yığma komandası bu qrupda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə görüşəcək.

Püşkatmanın nəticələrinə görə Avropanı təmsil edən 52 yığma 9 qrupa bölünüb. Bunların yeddisində altı, ikisində isə beş komanda yer alıb. Qrupların qalibləri dünya çempionatının final mərhələsinə birbaşa yüksələcək. İkinci yerlərə tutan dörd cütlük isə pley-off mərhələsində oynayacaq. Ən aşağı göstəriciyə malik olacaq ikinci yeri tutan yığma isə final mərhələsində oynamaq şansını itirəcək.

Püşkatma üçün yığmalar FİFA-nın milli komandaların iyul reytinqinə əsasən altı səbətə bölünmüşdü. Azərbaycan millisi Kipr, Latviya, Finlandiya, Belarus, Makedoniya, Litva, Moldova və Ermənistan yığmaları ilə beşinci səbətdə yer almışdı.

Rusiya ev sahibi ölkə kimi dünya çempionatının finalına birbaşa vəsiqə qazanıb.

Şərhlər

Çox oxunanlar