Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
13.02.2017 13:17 Sport reaksiya 1430
Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə federasiyanın regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilir.
11-12 fevral tarixlərində Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları fevralın 12-də başlayıb və 15 fevraladək davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19 fevralda isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək.
İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən 14-16 mart 2017-ci il tarixdə yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
Reaksiya. az
Şərhlər