“Baku Cup” beynəlxalq tennis turniri başladı
26.07.2015 15:10 Sport reaksiya 1242
Bakı Tennis Akademiyasında “WTA international” seriyalı ənənəvi beynəlxalq tennis turniri keçirilir.
Reaksiya.az xəbər verir ki, 250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər. Bu il Bakıya 2014-cü il Avstraliya çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya) və Roberta Vinçi (İtaliya) gəliblər.
İyirmiyə yaxın ölkədən gələcək tennisçilərdən, həmçinin belçikalı Yanina Vikmayer və Kristen Flipkensi qeyd etmək olar. Ötən il yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçilər də bu il turnirə qatılacaqlar. Bu il güclü tennisçilərin iştirak edəcəyi turnirdə gərgin və maraqlı mübarizələrin tamaşaçıları tennis kortlarına cəlb edəcəyi gözlənilir.
Daha əvvəl Bakıya gələn ən yüksək reytinqli tennisçi Vera Zvonareva (Rusiya Federasiya) olub. O, 2011-ci ildə keçirilən turnirdə dünya üçüncüsü qismində çıxış edib.
“Baku Cup” turnirinin daha əvvəlki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012-ci il), Elina Svitolina (Ukrayna, 2013 və 2014-cü illər) olublar.
Ölkəmizdə beşinci dəfə keçirilən turnir avqustun 2-dək davam edəcək.
Artıq turnirdə iki qarşılaşma keçirilib.
Özbəkistan təmsilçisi Niqina Abdurrahimova rusiyalı Ksenia Likinanı hər iki setdə 6:3 və 6:4 hesabı ilə məğlub edərək təsnifat mərhələsinin final raunduna yüksəlib.
Azərbaycan tennisçisi Amina Dikin ukraynalı Olqa Yançukla görüşü isə Ukrayna təmsilçisinin 6:2 və 6:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ukraynalı tennisçi də final raunduna adlayıb.
Şərhlər