EURO-2024-ün keçirilməsi üçün yalnız Almaniya və Türkiyə müraciət edib
09.03.2017 13:44 Sport reaksiya 1479
2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizə yalnız iki ölkə - Almaniya və Türkiyə arasında gedəcək.
UEFA-nın yaydığı məlumata görə, yalnız bu iki ölkənin futbol federasiyası EURO-2024-ün keçirilməsi üçün müraciət edib.
Müraciətin müddəti martın 3-də başa çatıb.
Danimarka, Norveç, İsveç və Finlandiya birgə müraciət etmək imkanlarını müzakirə etsələr də, sonradan bundan imtina ediblər.
Hazırda Almaniya və Türkiyə 2018-ci ilin aprelinə qədər yeni müraciət variantı təqdim etməlidirlər.
2018-ci ilin sentyabrında isə UEFA çempionatın hansı ölkədə keçirilməsinə qərar verməlidir.
Beləliklə, 2024-cü ildə Avropa Çempionatı bir ölkədə keçiriləcək. Qeyd edək ki, EURO-2020 eyni anda Avropanin 13 ölkəsinin 13 şəhərində baş tutacaq.
UEFA-nın baş katibi Theodore Theodoridis Almaniya və Türkiyəni güclü namizəd adlandırıb. Onun sözlərinə görə, onların arasında seçim etmək asan olmayacaq.
Qərbi Almaniya 1974-cü ildə Dünya Çempionatına, 1988-ci ildə isə Avropa Çempionatına ev sahibliyi edib.
2006-cı ildə isə birləşmiş Almaniyada dunya çempionatı baş tutub.
Almaniya Futbol İttifaqının prezidenti Reinhard Grindelin sözlərinə görə, ölkəsi idman strukturuna və böyük təcrübəsinə görə möhtəşəm turnir təşkil edə bilər.
Türkiyə heç vaxt belə böyük turnirlər keçirməyib.
Türkiyə Yunanıstanla birgə keçirmək istədiyi EURO-2008-in seçim mübarizəsində məğlub olmuşdu.
Daha sonra EURO-2012 və EURO-2016 oyunlarına namizədliyini irəli sürən Türkiyənin bu cəhdi uğursuzluqla nəticələnmişdi.
Şərhlər