Azərbaycan güləşçiləri Avropa çempionatının ikinci günündə üç medal qazanıblar

29.06.2017 14:14     Sport reaksiya     1492

Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.

Yarışların ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurublar.

Çempionatda 55 kiloqram çəkidə yarışan Əfqan Xaşalov İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən güləşçimiz onlardan 34 xal ala bilib. Həlledici görüşdə Əfqanın rəqibi Bolqarıstan idmançısı olub. Tam üstünlüklə rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.

Mahal Novruzov (66 kq) da finaladək inamla güləşib. Güləşçimiz ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Komanda yoldaşı kimi o da rəqiblərinə xal verməyib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə güləşçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına yiyələnib.

Hacımurad Məhəmmədsəidov (84 kq) da adını finala yazdırıb. Təmsilçimiz ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Hacımurad Rusiya idmançısına da qalib gəlib və çempionatın qızıl medalını qazanıb.

Reaksiya.az

Şərhlər