UEFA Çempionlar Liqasında ən yaxşı 12 futbolçu müəyyənləşib

05.08.2017 10:38     Sport reaksiya     1744

UEFA futbol üzrə 2016-2017 mövsümündə Çempionlar Liqasında çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə namizədlərin adları məlum olub. Namizədlər jurnalistlərin və ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamış 32 komandanın baş məşqçilərinin səs verməsi əsasında müəyyənləşdirilib.

Reaksiya.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu qurum hər mövqeyə üç namizədin adını daxil edib.
Ümumilikdə 12 namizəd futbolçudan altısı Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” komandasının oyunçularıdır. Turnirin finalçısı İtaliyanın “Yuventus” klubundan üç futbolçu yer alsa da, “Bavariya” (Almaniya), “Barselona” (İspaniya) və “Atletiko Madrid” (İspaniya) kollektivləri hərəyə bir futbolçu ilə təmsil olunub.
Beləliklə, ən yaxşı qapıçı adına Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”), ən yaxşı müdafiəçi adına Leonardo Bonuççi (“Yuventus”), Marselo, Serxio Ramos (hər ikisi “Real Madrid”) iddia edirlər. Kasemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real Madrid”) ən yaxşı yarımmüdafiəçi, Paulo Dibala (“Yuventus”), Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real Madrid”) ən yaxşı hücumçu adına namizəddirlər.
Qeyd edək ki, nominasiyalar üzrə qaliblərin adları avqustun 24-də Monakoda təşkil ediləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.

Ülviyyə Ədalətqızı

Şərhlər