Qurban Qurbanov: “Vacib xal qazandıq”

19.10.2017 07:57     Sport reaksiya     1622

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: “Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

Baş məşqçimiz qısa açıqlamadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:

- Keçən oyunlarda nə çatışmırdı ki, “Qarabağ” komandası bu oyunu göstərə bilmirdi?

- Hamımıza məlumdur ki, bir işə yeni başladıqda həyəcan çox olur. İkinci olaraq isə bizim bərabərə qalmağımız o demək deyil ki, biz istədiyimiz oyunu göstərə bildik.

- Dino ilə epizoddan sonra paltardəyişmə otağında bu haqda bir söhbətiniz oldumu?

- Xeyr, bu futboldu belə hadisələr baş verir. Hətta deyərdim ki, hakimin səhv qərarları nəticəsində Dino haqsızlığa uğradı. Təbii ki, Dinoya buna görə mənfi heç bir reaksiyamız olmadı, hamımız bunu normal qarşıladıq.

- Bu oyunda çox böyük fiziki güc sərf olundu. Sizcə, bu, növbəti oyunlarda mənfi təsir göstərə bilər?

- Bəli, futbolçular çox güc itirdilər, sadəcə olaraq, rəqib də bunu - yəni müdafiədə diqqətli olmağı tələb edirdi. Amma bunu biz bugün də başa düşdük ki, bu turnir fiziki gücdən əlavə çox böyük psixoloji güc də tələb edir. Maksim, Bədavi kimi fərqli oyunçularımız oyunlardan sonra müəyyən kiçik zədə alır. Bunun da tək səbəbi bizim belə yüksək tempolu oyunlara öyrəşməməyimizdir. Lakin oyunçularım yorulsalar da, özlərində qeyri-adi bir güc tapdılar və mübarizəni sona qədər apardılar.

- Donald bu oyuna psixoloji olaraq nə dərəcə hazır idi? Yəni, onun meydana daxil olmasına risk demək olarmı?

- Həqiqətən də övlad itirmək çox böyük acıdır. Biz komanda, ailə olaraq onun yanında olduq və toparlanmasına kömək etdik. Ümumiyyətlə, futbol belə bir oyundur ki, bütün ağrı-acıları yaddan çıxartdırır.

- Bədavi Hüseynovun zədəsi ilə bağlı konkret bir məlumat varmı?

- Bədavinin zədəsi ürəkaçan deyil. Həkimlərin dediyinə görə, dizində problemlər var, menisküs ola bilər. Sabah günorta bu məsələyə aydınlıq gətirəcəyik.

- Əlavə vaxtda, “Atletiko” komandası hücum etdiyi epizodlarda nə düşünürdünüz? Nə hisslər keçirirdiniz?

- Düşünəcək çox şeylər yox idi, bunlar hamısı adi haldı artırılma vaxt olur, hər iki komanda şanslarını sona qədər istifadə etməyə çalışır. Heç nə düşünmədim, bütün diqqətim oyunda idi.

- Növbəti oyunda Dinonu əvəzləyəcək şəxs olaraq kimi görürsünüz? UEFA-ya Dinonun qırmızı vərəqəsi ilə bağlı rəsmi müraciət olacaqmı?

- Bu barədə çox düşünməyəcəyik, yəni elə də çox variantımız yoxdu. İki seçimimiz var: ya Ramil, ya da Mahir. Bu qərarı növbəti günlərdə verəcəm. Epizodlara görə isə müraciət etməyi ehtiyac görmürəm. Bir dəfə UEFA-ya müraciət etmişik və nəticəsi də bəllidir. Ona görə də başımızı aşağı salıb işimizi görməliyik, məncə. Yəni müraciət edib, mənfi cavab alıb, kefimizi pozmağa ehtiyac yoxdu (gülür).

Reaksiya.az

Şərhlər