"Qəbələ" Kiprdəki qalmaqalla bağlı bəyanat yaydı

01.08.2015 09:00     Sport reaksiya     1821

 

“Qəbələ” idman klubu Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” komandası ilə matçda baş vermiş qalmaqalla bağlı bəyanat yayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat klubun rəsmi saytında yer alıb.

Bəyanatda deyilir:

“UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurmuşdur. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilmişdir. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılmışdır. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalmışdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanmışdır. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilmişdir və məsələyə müdaxilə etmələri tələb edilmişdir. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını almışdır. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etmişdir. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməmişdir. Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq”.

Şərhlər