Qurban Qurbanov: "Bu qədər məyus olmamışdım"

23.11.2017 11:23     Sport reaksiya     2124

Son vaxtlar bu qədər məyus olmamışdım.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”ni qəbul edən Ağdam klubu 0:4 hesabı ilə uduzub.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qeydə alınan nəticəni şərh edib: “90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq”.

- “Qarabağ”ın qapısına ilk penalti təyin olunanda futbolçuları yanınıza çağırdınız. O anda nə baş vermişdi?

- Futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadı. Hamısı çox istəkli idi. Birdən-birə hamısının ruhdan düşdüyünü hiss etdim. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasaydılar, daha böyük hesab qeydə alına bilərdi.

- Penalti epizodları və qırmızı vərəqə haqda hansı fikirdəsiz? UEFA-ya məktub göndərməyi düşünürsüzmü?

- Elə bir fikrimiz yoxdu. Penalti epizodları haqda bir söz deyə bilmərəm. Amma onsuz da, qapımıza penalti təyin etmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odu ki, bizə, Azərbaycan futboluna, komandamıza, həqiqətən də, kiçik baxırlar? Ancaq “Çelsi”nin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücü hər kəsə bəllidi.

Reaksiya.az

Şərhlər