"Azərbaycanda belə insident ola bilməz" - PFL-dən açıqlama

01.08.2015 13:22     Sport reaksiya     1609

Xəbər verildiyi kimi, futbol üzrə Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kiprin "Apollon" komandası ilə Qəbələnin eyni adlı futbol klubu arasında baş verən matçda insident yaranıb.

Tribunada yer alan azarkeşlər Azərbaycan bayrağını cırmağa cəhd göstəriblər. Bunun qarşılığı olaraq isə "Qəbələ"nin kapitanı Cavid Hüseynov penalti zərbəsini qola çevirdikdən sonra həmin azarkeşlərə qarşı qeyri etik jest edib. Bu isə kiprli azarkeşləri daha da əsəbiləşdirib. Nəticədə oyunda qısa fasilə yaranıb. Ancaq matçın 1-1 hesabı Azərbaycan klubunu tam qane edib.

Bu gün isə "Qəbələ" futbol klubunun rəhbərliyi həmin insidentlə bağlı açıqlama yayıb. Ancaq gələn həftənin ortalarında Bakıda keçiriləcək qarşılaşmada bu insidentin davam edəcəyi ehtimalı az deyil. Bu halın qarşısının alınması üçün klub rəhbərinin atacağı addımlar böyük maraq doğurur.

Qeyd edək ki, bu komanda ilə bağlı olay ilk dəfədir ki, yaşanmır. Bundan öncə isə ikinci təsnifat mərhələsində Tiflisdə keçirilən oyun zamanı da insident yaşanmışdı.  

Burada belə bir sual yaranır ki, niyə məhz "Qəbələ"? Bəlkə elə problem komandanın özündədir? Bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə əlaqə saxladıq.

O qəti şəkildə bildirdi ki, Azərbaycanda heç bir zaman belə hal baş verə bilməz: 

“Yadınıza gəlirsə, Gürcüstanda da oyunda insident yaşanmışdı. Ancaq Azərbaycanda keçirilən oyun insidentsiz baş tutdu. Hansı dövlətdə yaşadığımızı bildiyimdən əminliklə deyə bilərəm ki, növbəti oyunda da heç bir insident baş verə bilməz. Məhz "Qəbələ" komandasının insidentlə qarşılaşması ilə bağlı onu deyə bilərəm ki, "Qəbələ" komandası ilə bağlı heç bir xüsusi hal ola bilməz. Bu komandanın rəhbərliyini, orada işləyənləri çox gözəl tanıyırıq. Bu, sadəcə təsadüfdür. Düzdür, bu oyunda futbolçunun da günahı var. Bunu inkar etmirəm, o futbolçu elə hərəkət etməməliydi. Millinin oyunçusu, peşəkar futbolçu elə bir addım atmamalıydı. Ancaq futboldur, oyundur, hərdən belə hallar olur. Ümid edirik ki, bir daha belə hallar yaşanmayacaq”.

 

Şərhlər