Qurban Qurbanov: “Roma” ilə oyun bizim üçün böyük təcrübə olacaq
05.12.2017 17:35 Sport reaksiya 1966
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun “Roma” – “Qarabağ” oyunu öncəsi İtaliyanın “Olimpiko” stadionunda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycandan akkreditə olunmuş 20-dək müxbir və yerli media nümayəndələri iştirak ediblər.
Reaksiya.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib: “Bu, Çempionlar Liqasında son oyunumuzdur. Düşünürəm ki, nəticə baxımından turnirdən razı olmasaq da, böyük təcrübə toplamışıq. Sabahkı oyunda da ciddi mübarizə aparacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyundan asılı olsun. Ancaq inanıram ki, oyunçularımız özlərini yaxşı tərəfdən göstərəcəklər. Bu, onlar üçün böyük bir şansdır. Biz bu qrupa düşəndə hamı fikirləşirdi ki, xalımız olmayacaq. Ancaq “Çelsi”yə uduzduqdan sonra futbolçular daha uğurlu çıxış etməyə başladılar. Dəfələrlə qeyd etmişəm ki, bu qrupdan 1 xal qazanırıqsa, bu, uğurumuzdur. Bu cür məşhur klubların Azərbaycana gəlməsi böyük uğurdur. “Qarabağ”, eləcə də Azərbaycan futbolu böyük təcrübə qazandı”. Mətbuat konfransından sonra “Olimpiko” stadionunda "Qarabağ" komandasının media üçün açıq məşqi keçirilib. Qeyd edək ki, “Roma” - “Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda oynanılacaq.
Şərhlər