Könüllülərin Monako müsabiqəsi: - Beş nəfərə beşgünlük səyahət hədiyyəsi

09.12.2017 12:22     Sport reaksiya     1578

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq ərəfəsində və yarış ərzində yüksək fəallığı ilə seçilən beş könüllünü Monako Qran-Prisinə göndərəcək.

BŞH-dən Reaksiya.az-a bildiriblər ki, ən yüksək nəticə toplayan könüllülər mayın 25-27-də baş tutacaq Monako Qran-Prisində iştirak edəcək və yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında könüllülük fəaliyyətinə marağı daha da artırmaq, Bakıda keçiriləcək növbəti Formula-1 yarışında yüksək fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri şirkət tərəfindən qarşılanacaq. Bu əvəzolunmaz hədiyyəni qazanmaq istəyən hər bir könüllü yarışadək olan müddətdə yüksək fəallıq nümayiş etdirməli, sosial mediada mütəmadi olaraq könüllülük fəaliyyətinə dair paylaşımlar etməli, bütün seminar və təlimlərdə fəallıq göstərməli, yarış ərzində peşəkarlığı ilə fərqlənməli, həmçinin yekunda keçiriləcək ümumi imtahanda ən yaxşı beş nəticədən birini göstərməlidir.

Reaksiya.az

Şərhlər