Karateçilərimizin Xorvatiya Qran-Prisindəki çıxışı yüksək qiymətləndirilib
20.01.2018 22:59 Sport reaksiya 1399
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi Xorvatiya Qran-Prisində iştirak edən yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın üzvləri ilə görüşüb. REAKSIYA xəbər verir ki, Federasiyanın prezidenti Yaşar Bəşirov nüfuzlu turnirdən 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan idmançıların qənaətbəxş nəticə göstərdiyini deyərək bütün bu uğurların dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstək sayəsində əldə olunduğunu diqqətə çatdırıb. Yeniyetmə və gənc karateçiləri təbrik edən federasiya prezidenti nəticələrin daim artacağına ümidvar olduğunu söyləyib. Baş katib Mirhəsən Seyidov idman ölkəsi olan Azərbaycanın bu imicini daim yüksək tutmağın vacibliyini qeyd edib. Bundan sonra da idmançıların problemlərinin həllinə çalışacaqlarını söyləyən baş katib gənc karateçilər üçün maarifləndirici seminarlar təşkil olunacağını söyləyib. Yeniyetmə və gənclərdən ibarət komandaların məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev Avropa çempionatı öncəsi milli komandaların beynəlxalq turnirdə iştirakına şərait yaratdığına görə federasiya rəhbərliyinə və dəstək olan təşkilatlara minnətdarlığını ifadə edib. Məşqçilər fevralın əvvəlində Soçidə qitə çempionatında seçmə komandanın hər bir üzvünün medal qazanacağına inandığını deyib. Görüşdə, həmçinin idmançıların turnirdəki çıxışları fərdi olaraq müzakirə edilib. Hakimlər Komitəsinin sədri Cahangir Babayevə yeniyetmə və gənclərdən ibarət komandanın heyətini yarış qaydalarında yenliklərlə tanış etmək, federasiyanın həkimi Pərvin Əkbərova zədəli idmançıların yarışa qatıla bilmək ehtimalını yoxlamaq, milli komandanın lideri Rafael Ağayevə isə Avropa çempionatından əvvəl aşağı yaşlı idmançılarla birgə məşqlərdə təcrübəsini bölüşmək barədə tapşırıqlar verilib. reaksiya.az
Şərhlər