Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: Məqsədimiz Avropa çempionatında mərhələ adlamaqdır

20.01.2018 23:01     Sport reaksiya     1309

Futzal üzrə milli komandamız yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulublar. REAKSIYA xəbər verir ki, bu sözləri Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silva yanvarın 19-da Bakı İdman Sarayında təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçiriləcək. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra müəyyənləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmanı final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz İspaniyanın gücü və qazandığı nəticələr hamıya məlumdur. Sadəcə, ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə bütün diqqətimi bu görüşə yönəltmişik. Millimizin üzvü Vitali Borisov deyib: “Komandanın məşqlərinə üç gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi güclü rəqibi mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”. Azərbaycan millisi qitə birinciliyinin qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa, iki gün sonra İspaniya yığması ilə qarşılaşacaq. reaksiya.az

Şərhlər