Azərbaycan və İran futzalçılarının qarşılaşması heç-heçə başa çatıb
24.01.2018 16:39 Sport reaksiya 1309
Futzal üzrə Azərbaycan milli komandası yanvarın 23-də Bakı İdman Sarayında İran yığması ilə yoldaşlıq oyunu keçirib. Reaksiya xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Villiams Oliveira Do Nascimentonun dubl etdiyi oyunda komandamızın digər qolunu İsa Atayev vurub. Oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib: “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmir. Ona görə də komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum yararlansınlar. Əsas odur ki, oyun intizamından kənara çıxmadıq, bir neçə ev tapşırığını sınadıq”. Braziliyalı baş məşqçi bildirib ki, komandasının oyunu onu qane edib. “Verdiyim tapşırıqları yerinə yetirə bildilər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Avropa çempionatının qrup mərhələsindəki rəqibimiz Fransa yığmasının oyun planında oxşar cəhətlər çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçular var”, - deyə Joze Alesio Da Silva vurğulayıb. İran yığmasının baş məşqçisi Mohammad Nazemalşarieh isə vurğulayıb ki, maraqlı və çətin oyun keçdi: “Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”. Qeyd edək ki, komandalar arasında növbəti oyun yanvarın 24-də Bakı İdman Sarayında keçiriləcək.
Şərhlər