Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: Komandada qorxu yox, rəqibə hörmət var

02.02.2018 12:42     Sport reaksiya     1270

Komandada əhval-ruhiyyə yüksəkdir. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacağam. REAKSİYA xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu Fransaya qarşı keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva oyunöncəsi açıqlamasında deyib. Braziliyalı mütəxəssis bildirib ki, çox çətin və ağır oyun olacaq. Fransa millisi bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı play-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var. “Millimizin üzvü Thaqo artıq bir həftədir məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdır. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdır. Çünki bu görüş bizim üçün final oyununa bərabərdir. Qələbə qazana bilsək, dörddəbir final mərhələsinə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik”, - deyə Joze Alesio da Silva əlavə edib. Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində fevralın 2-də Fransa, iki gün sonra isə İspaniya yığmaları ilə qarşılaşacaq.

Şərhlər