“Pxençan-2018” XXIII Qış Olimpiya Oyunları başlayıb
08.02.2018 18:16 Sport reaksiya 1451
Koreya Respublikasının Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunları başlayıb. Reaksiya.az xəbər verir ki, Olimpiadanın startında kerlinq, dağ xizəyi, biatlon və xizəklə tramplindən tullanma yarışları keçirilir. “Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet). “Pxençan-2018”də yarışlar 13 idman obyektində keçirilir. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. Olimpiadanın açılış mərasimi fevralın 9-da 35 min azarkeş tutumuna malik Pxençan Olimpiya Stadionunda təşkil olunacaq. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır. Olimpiadada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq. XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olacaq. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak edəcəklər. Qeyd edək ki, martın 9-dan 18-dək Pxençanda Qış Paralimpiya Oyunları keçiriləcək. Paralimpiyaçılar 5 növdə 80 dəst medal uğrunda mübarizə aparacaqlar.
Şərhlər