Voleybolun yaradılmasından 123 il ötür

10.02.2018 14:35     Sport reaksiya     1314

1895-ci il fevralın 9-da ABŞ-ın Massaçusets ştatının Holyok şəhərində Xristian Gənclər Təşkilatının rəhbəri Uilyam Morqan topla yeni komanda oyunu icad edib. U.Morqan basketbol, beysbol və həndbolun elementlərini bir araya gətirmək qərarına gəlib. O, toru tennis oyunundan nümunə götürərək, döşəmədən təqribən 196 santimetr hündürlükdə yerləşdirib. Bu isə həmin dövrün ölçüsünə görə ortaboylu adamdan uca olub. Oyunun mahiyyəti topu torun üzərindən atmaqda idi. İlk vaxtlar oyunçuların sayına məhdudiyyət qoyulmayıb və oyunu “mintonet” adlandırıblar. Bir ildən sonra Massaçusets ştatının Sprinqfild şəhərində Xristian Gənclər İttifaqının konfransında “mintonet” oyununun ictimaiyyət üçün təqdimatı keçirilib. Bu assosiasiya sonralar voleybol oyununun genişlənməsinin fəal təşəbbüskarı olub. Topu əllə vuraraq tor üzərindən keçirmək oyunun əsas ideyası olduğu üçün professor Alfred Halsted “mintonet” adının ingiliscə “uçan top” mənasını verən “voleybol” sözü ilə əvəzlənməsini təklif edib. 1897-ci ildə mütəxəssislər tərəfindən voleybol oyunu və qaydaları haqqında müxtəsər hesabat Xristian Gənclər Assosiasiyasının atletik liqasının rəsmi sorğu kitabçasına daxil edilib. 1900-cü ildə voleybol ABŞ-ın sərhədlərini aşıb dünyanın müxtəlif ölkələrində yayıldı. Hazırda voleybol Olimpiya idman növüdür.

Reaksiya.az

Şərhlər