“Pxençan-2018” Qış Olimpiya Oyunlarının üçüncü günündə 6 dəst medal sahibini tapıb

12.02.2018 17:10     Sport reaksiya     1511

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının üçüncü günündə - fevralın 11-də 6 dəst medal sahibini tapıb. REAKSİYA xəbər verir ki, kişilər arasında 30 kilometr məsafəyə (15+15) skiatlon yarışlarında Norveç idmançıları uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar. Belə ki, məsafəni 1 saat 16 dəqiqə 20 saniyəyə qət edən Simen Hegstad Kruger Olimpiadanın qalibi olub. Onun həmyerliləri Martin Johnsrud Sundbi və Hans Krister Holund isə ilk üçlükdə yer alıblar. Kişilər arasında biatlonun 10 kilometr məsafəyə sprint yarışlarında Almaniya təmsilçisi Arnd Peiffer marşrutu 23 dəqiqə 38 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çexiyalı Miçal Krkmarn yarışı ikinci, İtaliya təmsilçisi Dominik Vindisç isə üçüncü pillədə başa vurublar. Kişilər arasında snoubord yarışlarının sloupstayl növündə qalib adına 87,16 xalla ABŞ təmsilçisi Redmond Gerard sahib olub. Kanadalı atletlər Maks Parrot gümüş, Mark McMorris isə bürünc medal əldə ediblər. Fristaylın moqul növü üzrə yarışlarında qadınların mübarizəsində 78,65 xalla fransalı atlet Perrine Laffont birinci olub. Kanadalı Castine Dufour-Lapointe yarışı ikinci, qazaxıstanlı Yuliya Qalişeva isə üçüncü yerdə tamamlayıblar. Kirşəsürmə idman növünün fərdi yarışlarında kişilər arasında Avstriya idmançısı David Gleirşer birinci, ABŞ təmsilçisi Kris Mazdzer ikinci, almaniyalı Yohannes Ludviq isə üçüncü olublar. Kişilər arasında 5000 metr məsafəyə konkisürmə yarışlarında Niderland idmançısı Sven Kramer 6 dəqiqə 9 saniyə nəticə ilə Olimpiya rekordunu yeniləyərək çempion olub. Kanada idmançısı Ted-Jan Bloemen ikinci, norveçli Sverre Lunde Pedersen isə üçüncü olublar. Üçüncü günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pilləyə yüksəlib. Almaniya millisinin hesabında 3 qızıl və 1 bürünc medal var. Niderland (2-2-1) ikinci, Norveç (1-4-3) üçüncü, ABŞ (1-1-0) isə dördüncü pillədə qərarlaşıblar. Avstriya, Fransa, Koreya Respublikası və İsveç 5-8-ci yerləri bölüşürlər. “Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet). “Pxençan-2018”də yarışlar 13 idman obyektində keçirilir. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır. Olimpiadada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq. XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak edirlər. Qeyd edək ki, martın 9-dan 18-dək Pxençanda Qış Paralimpiya Oyunları keçiriləcək. Paralimpiyaçılar 6 növdə 80 dəst medal uğrunda mübarizə aparacaqlar.

Şərhlər