Azərbaycanın bədii gimnastı Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
16.02.2018 19:40 Sport reaksiya 1324
Azərbaycan gimnastı Dərya Farşbafşəhriyari Moskvada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uğurla çıxış edib. REAKSIYA Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bədii gimnastika turnirində D.Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, məhz bu Oyunlara lisenziyanı təmin edib. Gimnastımız böyük uğura hər dörd çıxışının yekununda 53,30 xal toplamaqla nail olub. Yarışlarda daha bir bədii gimnastımız Yelizaveta Luzan isə 43,60 xal toplayıb. Qaydalara əsasən, hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olduğundan D.Farşbafşəhriyari ölkəmizi Oyunlarda təmsil etmək hüququ əldə edib. Millimizin baş məşqçisi Mariana Vasilyeva bildirib ki, bu il bədii gimnastika üzrə qaydalara dəyişikliklər edilib. Bu turnir də yeni qaydalar əsasında təşkil olunub. Buna görə də həm gimnastlar, həm də məşqçilər üçün yarışlar kifayət qədər çətin və həyəcanlı keçib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarına Azərbaycan gimnastının ilk dəfə lisenziya qazanması bizi çox sevindirir. Ölkəmizi turnirdə təmsil edən hər iki gimnastımız həmyaşıdlarından daha az təcrübəyə malik idi. Buna baxmayaraq, Dərya bu işin öhdəsindən uğurla gəldi. Yarışlardan sonra hər iki gimnastla birlikdə onların çıxışlarını təhlil etdik və müvafiq qeydlər apardıq. Onların çıxışları yüksək qiymətləndirilib. Bu uğurun gimnastlarımız üçün böyük stimul olduğunu qeyd edən M.Vasilyeva qarşıda onları daha mühüm yarışların gözlədiyini vurğulayıb. Xatırladaq ki, qaliblərə medalları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov təqdim edib.
Şərhlər