“Pxençan-2018”: 23 ölkənin idmançıları medalçılar sırasında yer alıblar
16.02.2018 19:41 Sport reaksiya 1396
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının səkkizinci günündə - fevralın 16-da 7 dəst medal sahibini tapıb. Belarus fristayl, Böyük Britaniya isə skeleton yarışlarında ilk medalını qazanıb. REAKSIYA xəbər verir ki, qadınlar arasında snoubord yarışlarının kross növündə qalib adına İtaliya təmsilçisi sahib olub. Fransa atleti Culiya Pereira gümüş, Çexiya idmançısı Yeva Samkova isə bürünc medal əldə ediblər. Qadınların 5 min metr məsafəyə konkisürmə yarışlarında Niderland atleti Esmi Visser 6 dəqiqə 50 saniyə nəticə ilə “Pxençan-2018”in çempionu olub. Digər iki pillədə isə çexiyalı Martina Sanlikova və Olimpiya bayrağı altında çıxış edən rusiyalı Nataliya Voronina yer alıblar. Sərbəst xizək üzrə kişilər arasında 15 kilometr məsafəyə mübarizədə marşrutu 33 dəqiqə 43 saniyəyə qət edən İsveçrə atleti Dario Koloqna bütün rəqiblərindən üstün olub. Norveç xizəkçisi Simen Heqstad Kruqer gümüş, Rusiya idmançısı Denis Spitsov bürünc medal əldə ediblər. Skeleton yarışlarında kişilərin mübarizəsində Koreya Respublikasından olan Yun Sunqbin 50 saniyə nəticə ilə birinci pillədə qərarlaşıb. Rusiyalı Nikita Trequbov yarışı ikinci, Dom Parsons (Böyük Britaniya) isə üçüncü yerdə başa vurublar. Fristayl idman növü üzrə qadınların yarışında Belarus təmsilçisi Anna Huskova 96,14 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü çinli atletlər Sin Janq və Fanyu Konq qabayıblar. Olimpiadada atletlər dağ xizəkçiliyi yarışlarında iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında “Super-G” kateqoriyasında avstriyalı Mattias Mayer 1 dəqiqə 24 saniyə nəticə ilə Olimpiya çempionu adının qazanıb. İsveçrəli Bit Feuz ikinci, Norveç təmsilçisi Kyetil Yansrud isə üçüncü olublar. Qadınlar arasında slalom yarışlarında İsveç xizəkçisi Frida Hansdotter 1 dəqiqə 38 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrəli Vendi Holdener gümüş, Avstriya xizəkçisi Katarina Qalluber bürünc medal əldə ediblər. “Ağ Olimpiada”da səkkizinci günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 9 qızıl, 2 gümüş və 4 bürünc medal var. Ümumilikdə 23 ölkədən idmançılar medalçılar arasında yer alıblar. Norveç (6-8-5) ikinci, Niderland (6-5-2) üçüncü, ABŞ (5-1-2) dördüncü, Kanada (4-5-4) isə beşinci pillədə qərarlaşıb.
Şərhlər