Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar

20.02.2018 15:22     Sport reaksiya     1186

Fevralın 23-25-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçiriləcək. REAKSİYA xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edəcəklər. Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə yerləşən Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi əvəzi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın 5 üzvü turnirdə sınaqdan keçiriləcək. Heyətdə Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) yer alıblar. Sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 pəhləvanımız Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edəcəklər. Yunan-Roma güləşi yarışlarında millimizin baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 11 idmançımız mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ölkəmizi təmsil edəcək. Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kiloqram və qadın güləşi üzrə 50, 55, 59, 65, 72 kiloqram çəkidə idmançılar, fevralın 24-də isə 60, 67, 77, 87 və 130 kiloqramda yunan-Roma, 61, 70, 79, 92 və 125 kiloqram çəkidə sərbəst, 53, 57, 62, 68 və 76 kiloqramda isə qadın güləşçilər yarışacaqlar.

Şərhlər