"Barselona" və "Çelsi" heç-heçə, "Bavariya"dan böyük hesablı qələbə

21.02.2018 16:40     Sport reaksiya     1421

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib. REAKSIYA xəbər verir ki, günün mərkəzi görüşündə İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edib. İlk hissə qarşılıqlı hücum şəraitində keçsə də hesab açılmayıb. Fasilədən sonra meydan sahibləri hesabı açmağa nail ola biliblər. Matçın 62-ci dəqiqəsində Villian fərqlənib. "Barselona"nın bu qola cavabı çox gecikməyib. Oyunun 75-ci dəqiqəsində Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma bu hesablada yekunlaşıb. Günün digər oyununda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Bavariya” komandasının qonağı olub. Matçın 16-cı dəqiqəsində Domagoj Vida qırmızı vərəqə alaraq "Beşiktaş"ı azlıqda qoyub. Ev sahibləri isə istəklərinə ilk hissənin sonlarında nail ola biliblər. Görüşün 43-cü dəqiqəsində Tomas Muller hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran meydan sahibləri matçın 53-cü dəqiqəsində Kingsley Comanın vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 66-cı dəqiqəsində T.Muller dubl edib -3:0. Oyunun 79-cu dəqiqəsində Robert Levandovski topu qonaqların qapısından keçirib. Matçın 88-ci dəqiqəsində R.Levandovski özünün ikinci komandasının beşinci qoluna imza atıb.Qarşılaşma "Bavariya"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər