Norveç idmançıları “Pxençan-2018”in 13-cü günündə iki qızıl medal qazanıblar

22.02.2018 15:21     Sport reaksiya     1635

Pxençan-2018” Qış Olimpiya Oyunlarının on üçüncü günündə - fevralın 21-də səkkiz dəst medal sahibini tapıb. Norveç millisi iki qızıl medal qazanaraq liderliyini möhkəmləndirib. ABŞ isə Fransanı bir pillə geridə qoyaraq beşinci sıraya yüksəlib Reaksiya.az xəbər verir ki, qadınlar arasında dağ xizəkçiliyinin sürətli eniş yarışlarında İtaliya təmsilçisi Sofia Qoqqia 1 dəqiqə 39 saniyə nəticə ilə Olimpiya çempionu olub. Norveçli Raqnhild Movinckel gümüş, ABŞ idmançısı Lindzey Vonn bürünc medal qazanıblar. Qadınlar arasında bobsley üzrə fərdi yarışlarda Almaniya təmsilçiləri qızıl medala sahib olublar. ABŞ ikinci, Kanada üçüncü yeri tutub. Sərbəst xizəkçilik yarışlarında atletlər iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər və qadınlar sərbəst sprint üzrə komanda yarışlarında güclərini sınayıblar. Qadınların yarışında ABŞ xizəkçiləri 15 dəqiqə 56,47 saniyə nəticə ilə çempion olublar. Bu qələbə ABŞ-ı medal sıralamasında beşinci pilləyə yüksəldib. Amerikalılardan 0,19 saniyə gec qalan isveçlilər gümüş, Norveç xizəkçiləri isə (15 dəqiqə 59,44 saniyə) bürünc medallara layiq görülüblər. Kişilərin mübarizəsində isə Norveç təmsilçiləri qızıl medal sevincini yaşayıblar. Rusiya ikinci, Fransa üçüncü yerdə qərarlaşıb. Kişilər arasında fristayl yarışlarının kross növündə kanadalı Bredi Leman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Mark Bişofberhger yarışı ikinci, Olimpiya bayrağı altında çıxış edən Rusiya atleti Sergey Rıdzık isə üçüncü pillədə başa vurublar. Qadın hokkey komandaları arasında üçüncü yer uğrunda görüşdə Finlandiya və Rusiya yığmaları üz-üzə gəliblər. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Skandinaviya təmsilçisi bürünc medala sahib olub. Kişi hokkeyçilərin mübarizəsində isə dörddəbir final mərhələsinin görüşləri keçirilib. İlk görüşdə Çexiya yığması ABŞ komandasını 3:2 hesabı ilə məğlub edib. Olimpiya bayrağı altında çıxış edən Rusiya Norveç millisi darmadağın edib – 6:1. Kanada millisi Finlandiyanı (1:0), Almaniya isə İsveçi (4:3) məğlubiyyətə uğradıb. Beləliklə, Çexiya, Rusiya, Kanada və Almaniya yarımfinala vəsiqə qazanıblar. Sürətli konkisürmə üzrə komanda təqibetmə yarışlarında iki dəst medal sahibini tapıb. Kişilərin yarışında Norveç millisi çempion adını qazanıb. Koreya Respublikası gümüş, Niderland yığması isə bürünc medallara sahib olublar. Qadınların mübarizəsində isə Yaponiya yığması qalib gələrək Olimpiadada üçüncü qızıl medalını rəsmiləşdirib. Niderland ikinci, ABŞ isə üçüncü olub. Beləliklə, “Ağ Olimpiada”da on üçüncü gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal var. Almaniya (12-7-5) ikinci, Kanada (9-5-7) üçüncü, Niderland (6-6-4) dördüncü, ABŞ (6-4-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 27 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Şərhlər