Bakı akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək

06.03.2018 17:15     Sport reaksiya     1609

Beynəlxalq arenada gimnastika tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan Gimnastika Federasiyasına (AGF) idmanın bu növü üzrə daha bir dünya kuboku yarışlarının keçirilməsi həvalə olunub. Reaksiya.az AGF-in saytına istinadla xəbər verir ki, gimnastika həvəskarları 2018-ci ildə tanınmış bədii və idman gimnastları, batutçular və tamblinqçilərlə yanaşı, artıq Bakıda yerli gimnastlarımızın, eləcə də əcnəbi akrobatların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, cari il noyabrın 17-18-də Milli Gimnastika Arenası (MGA) ilk dəfə olaraq akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək. Bu yarışın ölkəmizə həvalə olunması ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasında yekdilliklə qəbul edilib. Yarışda iştirak edəcək gimnastlar kişi, qadın və qarışıq cütlüklərin, həmçinin qadın və kişi qrupların tərkibində mübarizə aparacaqlar. Bununla da MGA-da bu ilin beynəlxalq yarışlar mövsümü akrobatların çıxışları ilə başa çatacaq. Xatırladaq ki, Bakıda martın 15-18-də idman gimnastikası üzrə dünya kuboku, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatı, aprelin 23-24-də bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir, həmin ayın 27-29-da bədii gimnastika üzrə dünya kuboku, iyunun 22-23-də isə gənclər arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa təsnifat yarışları keçiriləcək.

Reaksiya.az

Şərhlər